28 aprel tarixində Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.

28 aprel tarixində Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.

08.05.2023

2 gün davam edən konfransın ilk günü əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini anıb, məzarları önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının səhiyyə naziri cənab Teymur Musayev, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov, AMEA-nın prezidenti İsa Həbibbəyli, Rusiya Tibb Elmləri Akademiyasının professoru, tibb elmləri doktoru Alevtina Brovkina, Rusiya Tibb Elmləri Akademiyasının üzvü, akademik Larisa Moşetova, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin fəxri sədri Sunay Duman akademikin işinə sevgi ilə yanaşmasından, ölkəsində oftalmologiyanın inkişafı üçün gördüyü işlərdən söz açıblar.
Həmçinin Türkiyə, Rusiya, İsrail, Ukrayna, Gürcüstan, Avstriya, Qazaxıstan və Özbəkistandan gəlmiş görkəmli oftalmoloqlar iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın birinci günündə elmi hissənin açılışında səhiyyə naziri Teymur Musayev çıxış etdi.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxış edib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, prof. Elmar Qasımov Zərifə Əliyevanın yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük töhfələr verdiyini, bu səbəbdən hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə beynəlxalq konfrans və digər tədbirlərin keçirilməsinin ənənə halı aldığını qeyd edib. O, Zərifə
Əliyevanın traxomanın kökünün kəsilməsində böyük əmək sərf etməsindən, monoqrafiya, dərslik, ixtirası, elmi əsərlərindən, “peşə oftalmologiyası”nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alimin etika və tibbi deontologiya haqqında fikirləri və məqalələrindən söz açıb. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsinin Zərifə Əliyevanın adı ilə bağlı olduğunu qeyd edib və oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmasında bəhs edib.
Əlavə olaraq Zərifə Əliyevanın irsinin davamı olaraq Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin geniş fəaliyyətindən danışıb.
Akademik Zərifə Əiyeva adına Milli Oftalmologiya Mərkəzi, onun filialları, səyyar avtomobil və qatar klinikaları haqqında videoçarx da nümayiş olunub.
Həmçinin konfransda Zərifə xanımla uzun illər çalışmış həmkarları - Rusiya Tibb Elmləri Akademiyasının akademikləri Alevtina Brovkina və Larisa Maşetova görkəmli alim haqqında xatirələrini bölüşüblər.
Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin (TCOD) Onursal Başqanı Sunay Duman tibb elminin yeni istiqamətlərinin işlənib hazırlanmasında Zərifə xanımın xidmətlərini vurğulayıb.
Konfransda Zərifə xanım Əliyevanın həyatına və elmi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib.
Daha sonra Heydər Əliyev Mərkəzində görkəmli akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva konsertdə iştirak ediblər.
Konsertdən əvvəl görkəmli alim, həkim, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, bütün işlərdə ona dayaq olan Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan konsert akademik Zərifə Əliyeva haqqında filmin nümayişi ilə başlayıb.
Sonra isə səhnə əfsanəvi “Dan ulduzu” instrumental ansamblının ixtiyarına verilib. Konsertdə ansamblın repertuarından sevilən mahnılar ifa olunub.
Zalda quraşdırılan ekranlarda akademik Zərifə Əliyeva haqqında, “Dan ulduzu” ansamblının çıxışlarını, ötən illərin və müasir dövrün Azərbaycanını əks etdirən kadrlar yayımlanıb.
Konsert bəstəkar Emin Sabitoğlunun “Nə gözəldir Azərbaycan” mahnısının bütün müğənnilər tərəfindən birgə ifa olunması ilə yekunlaşıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Akad. Zərifə Əliyeva ilə birgə çalışmış oftalmoloq-alimlərlə görüş kieçirib, birgə çay süfrəsində xatirələri bölüşüblər.
29 aprel tarixində davam edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə keçirilən Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi praktiki konfrans işi yekunlaşdırılıb.
Konfrans Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində və Heydər Əliyev Mərkəzində keçirilib.
Konfransın ikinci gününü giriş sözü ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, prof. Elmar Qasımov açıq elan edərək qonaqları salamlayıb.
O, konfransın keçirilməsində əsas məqsədin həm görkəmli oftalmoloq, akad. Zərifə Əliyeva irsinin qoyduğu tədqiqatların nəticəsini gənc kadrlara aşılamaq, həm də oftalmologiyada baş verən innovativ yeniliklərdən, oftalmologiyanın aktual məsələ və problemlərini müzakirə etməkdən ibarət olduğunu vurğulayıb.
Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İsrail, Ukrayna, Gürcüstan, Avstriya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən gəlmiş qonaqlar iştirak edib.
Belə ki, konfransda səhiyyə nazirinin müavini Nadir Zeynalov, Rusiyadan Rusiya Tibb Elmləri Akademiyasının akademikləri Brovkina A.F., Moşetova L.K., İsraildən Markov N.V., Türkiyədən Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin (TCOD) Onursal Başqanı Op. Dr. Duman S. T, TCOD Genel Başkanı, prof. Gelişken Ö., Türk Oftalmoloji Dərnəyinin (TOD) Genel başqanı, prof. Ziya Kapran, Qazaxıstandan Sarsembekova K.T., Avstriyadan Abela-Formanek C. və digər professor və mütəxəssislər iştirak edib.
Konfransda “Kataraktanın fakoemulsifikasiyası zamanı büllur nüvəsinin qırılması texnikası haqqında”, “Dünyanın aparıcı ölkələrində oftalmoloji təhsilin artırılmasında rəqəmsal texnologiyaların tətbiqi və onun Azərbaycan modeli”, “Qlaukomalı xəstələrdə mikropuls rejimində transskleral diod lazer siklofotokoaqulyasiyasının aparılmasına fərdi yanaşmanın işlənib hazırlanması”, “Müasir neft sənayesində çalışan işçilər arasında oftalmopatologiyaların öyrənilməsi və onların yaranma riskinin qiymətləndirilməsi”, “Refraktiv cərrahiyyədən əvvəl retinanın qiymətləndirilməsinin əhəmiyyəti”, "Kapsul kisəsi olmadıqda İOL implantasiyası" və s. kimi məsələlər müzakirə edilib.