Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş beynəlxalq konfransın və Azərbaycan Fizioloqlarının VI Konqresinin açılış mərasimi keçirilib.

Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş beynəlxalq konfransın və Azərbaycan Fizioloqlarının VI Konqresinin açılış mərasimi keçirilib.

30 oktyabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfransın və Azərbaycan Fizioloqlarının VI Konqresinin açılış mərasimi keçirilib.

Açılış mərasimi AMEA-nın Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Açılış mərasimindən öncə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və videoçarx nümayiş olunub.

Konfransı giriş sözüylə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq, bu il ölkəmizdə və xaricdə Ulu Öndərin və akademik Zərifə Əliyevanın yubileylərinə həsr edilmiş konfrans, seminar, sərgi və digər tədbirlər haqqında bəhs edib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü professor Elmar Qasımov akademik Zərifə xanım Əliyevanın çoxşaxəli irsi, misilsiz xidmətləri və oftalmologiya elminin inkişafındakı müstəsna rolu haqqında çıxış edib.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, səhiyyə nazirinin müavini Nadir Zeynalov, A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova və başqaları çıxış edərək akademik Zərifə xanım Əliyevanın zəngin irsinin, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlarının və fundamental əsərlərinin Azərbaycan elminin inkişafındakı əhəmiyyətli rolundan danışıb, beynəlxalq konfransın işinə uğurlar arzulayıblar.

Plenar və bölmə iclasları ilə davam edən konfransda həm ölkəmizdən, həm də Türkiyə, Rusiya, Belarus, Gürcüstan və digər ölkələrdən alimlər, fizioloqlar və mütəxəssislər iştirak edib. Bu xüsusda qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işçiləri, professorları və həkim-oftalmoloqları da tədbirdə təşkilatçı, moderator və çıxışçı olaraq iştirak ediblər.