Naxçıvanda Azərbaycanın gənc oftalmoloqlarının “Müasir oftalmologiya elminin son nailiyyətləri və problemlər” mövzusunda XII elmi-praktik konfransı keçirilib.

Naxçıvanda Azərbaycanın gənc oftalmoloqlarının “Müasir oftalmologiya elminin son nailiyyətləri və problemlər” mövzusunda XII elmi-praktik konfransı keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə 30 noyabr 2018-ci ildə Naxçıvanda Azərbaycanın gənc oftalmoloqlarının “Müasir oftalmologiya elminin son nailiyyətləri və problemlər” mövzusunda XII elmi-praktik konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstəsi düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbirdə muxtar respublikanın səhiyyə naziri Niyazi Novruzov çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin konfrans iştirakçılarına salamlarını və konfransın təşkilatçılarına təbrikini çatdırıb.
Sonra Niyazi Novruzov səhiyyənin inkişafından və oftalmologiya sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafı istiqamətində də mühüm işlər görülür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksəkixtisaslı həkim briqadalarının yerli həkimlərlə birgə hər il çoxlu sayda müxtəlif cərrahi əməliyyatları uğurla həyata keçirmələri muxtar respublika əhalisinin sağlamlığının qorunmasında, həm də yerli həkimlərin təcrübələrinin artırılmasında əhəmiyyətli rola malikdir.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada tibb kadrların yetişdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Elmi-praktik konfransın keçirilməsinə verdiyi dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov qeyd edib ki, konfransın Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycanın qədim diyarlarından olan Naxçıvanda səhiyyənin inkişafı istiqamətində mühüm işlər görülür. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti də yarandığı gündən ölkəmizdə oftalmoloqların peşəkarlıqlarının artırılmasında öz dəstəyini əsirgəməyib. Eyni zamanda, oftalmoloqların üzləşdiyi problemlərin həllində də öz yardımını göstərib. Bu il ölkəmizin Gənclər Paytaxtı seçilən Naxçıvanda bu tədbirin keçirilməsində məqsəd göz xəstəlikləri ilə bağlı gənc mütəxəssislər tərəfindən fikir mübadiləsi aparmaqdan ibarətdir. Konfransda xarici ölkələrlə yanaşı, Azərbaycanın digər regionlarından olan oftalmoloqlar da göz xəstəlikləri ilə bağlı mühazirələrini təqdim edəcəklər.
Tədbirdə Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, göz cərrahı Sunay Duman, N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru Aleksey Yeqorov çıxış ediblər.
Sonra Milli Oftalmologiya Mərkəzinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfransda “Keratokonusda üç mərhələli müalicə metodu”, “Keratoplastikadan sonra ekzimer-lazer cərrahiyyəsi, “Gözün dəlib-keçən yaralanmaların erkən fəsadların retrospektiv analizi”, “Uşaqlarda zəif görmənin reabilitasiyası, “Vision 2020” görmə hüququ proqramı formatında göz travmaları nəticəsində yaranan korluqla mübarizə strategiyası”, “Orbitanın patologiyasında şüa diaqnostika metodlarının əhəmiyyəti” kimi məsələlər müzakirə olunub.
Moskva Göz Xəstəlikləri İnstitutunun oftalmoloqu Aleksin Stoyuxina, Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin baş katibi Süleyman Kaynak, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərindən Hicran Namazova, Sona İbrahimova, Fidan Ağayeva, Fərəh Abduləliyeva, Rövşən Rəcəbli, Milli Oftalmologiya Mərkəzi Masallı filialının oftalmoloqu Samir İbadovun və başqalarının məruzələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.