8 Avqust Beynəlxalq Oftalmoloqlar Günüdür.

8 Avqust Beynəlxalq Oftalmoloqlar Günüdür.

8 avqust 2004-cü ildən başlayaraq Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Həmin günün seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

Beynəlxalq Oftalmologiya Gününün təsis edilməsi ideyası Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib.

Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsini yad olunması məqsədi daşıyır. Həmin təşəbbüsə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar. Artıq on üç ildir ki, qeyd edilən Beynəlxalq Oftalmologiya Günü təbabətin bu sahəsində beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi aparmaq üçün də istifadə edilir.

Azərbaycanda korluğun və görmə üzrə əlilliyin profilaktikası, əhaliyə oftalmoloji yardım daim dövlətin diqqətindədir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanının anatomik və funksional parametrlərinin daha dürüst öyrənilməsini mümkün etmişdir ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəldib.

Mərkəzin əməkdaşları dünya ölkələrində keçirilən iri miqyaslı oftalmoloji konqres və konfranslarda yaxından iştirak edirlər, çıxışlarında görmə orqanının müxtəlif növ patologiyasının terapiya və cərrahiyyəsində öz şəxsi təcrübəsini, oftalmologiyanın aktual problemlərinin həllinə öz nöqteyi-nəzərini beynəlxalq oftalmoloji cəmiyyətə çatdırırlar. Mərkəzin gənc mütəxəssisləri dünyanın ən nüfuzlu oftalmoloji ocaqlarında təcrübə və hazırlıq keçirlər, gözün müxtəlif xarakterli patologiyalarının müalicəsində istifadə olunan ən müasir üsullara yiyələnirlər və bu təcrübəni öz işində müfəffəqiyyətlə tətbiq edirlər.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı