11-12 oktyabr 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 11 oktyabr Ümumdünya Görmə günü münasibətilə növbəti aksiyasını Şəki şəhərində keçirir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Şəki şəhərində pasientlərə tibbi xidmət göstərir. 2 gün davam edəcək tədbirdə məqsəd operativ şəkildə Şəki sakinlərini müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, cərrahi əməliyyat etməkdən ibarətdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.
Növbəti aksiyasını davam etdirən Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhəddi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.