Gənc oftalmoloqlar Şəkidə müasir oftalmologiyanın son nailiyyətlərini müzakirə ediblər.

Gənc oftalmoloqlar Şəkidə müasir oftalmologiyanın son nailiyyətlərini müzakirə ediblər.

Oktyabrın 26-da Şəkidə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə gənc oftalmoloqların “Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda XIII elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Marxal resort & spa” otelinin “Nuxa” konfrans zalında keçirilən tədbiri Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımov açaraq, konfransın əsas məqsədinin gənc oftalmoloqların bilik və bacarıqlarını nümayiş etdirmək, oftalmologiya sahəsində əldə olunan son nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaq olduğunu diqqətə çatdırıb.

Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, Türkiyənin Ankara şəhərindən gəlmiş doktor Sunay Duman çıxış edərək, belə tədbirlərin gənc oftalmoloqlara yeni, müasir texnologiyaları öyrətmək baxımından olduqca faydalı olduğunu bildirib, konfransın işinə uğurlar arzulayıb.

Elmi-praktik konfransda Milli Oftalmologiya Mərkəzinin əməkdaşları Rəvanə Həsənova “Müxtəlif sindromlar zamanı retinitis piqmentozanın xüsusiyyətləri”, Aysel Əkbərova “Vaxtından əvvəl doğulmuşların retinopatiyasının müalicəsində ilkin nəticələrimiz”, tibb üzrə fəlsəfə doktoru Aygün Səfərova “40 yaşdan yuxarı pasiyentlərdə keratorefraktiv əməliyyatların xüsusiyyətləri”, (“Buynuz qişa ablyasiyasının incəlikləri”), tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova “Şübhəli topoqrafiyalı gözlərdə PRK üsulunu və CCL texnologiyasını istifadə edərək, miopiyanın və astiqmatizmin müalicəsi”, Dünyagöz Xəstəxanasının oftalmoloqu Nərgiz Bədəlova “İrrequlyar astiqmatizmin qeyri-cərrahi korreksiya üsulları” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransda, həmçinin “Eksimer-lazer cərrahiyyədə “contoura vision” yeni texnologiyanın tətbiqi”, “Quru göz sindromunda invaziv müalicə üsulları”, Buynuz qişanın zədədən sonrakı xoralarının kliniki-laborator dəyərləndirilməsi” və digər mövzularda məruzələr dinlənilib.

Şəki, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC