Baş oftalmoloq: Oftalmologiyada problemlər olan sahələr də var.

Baş oftalmoloq: Oftalmologiyada problemlər olan sahələr də var.

Bakı.İlhamə İsabalayeva -Trend:

Bu gün Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda gənc oftalmoloqların XI konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Konfransda Naxçıvan Muxtar Respublikasının, Gəncə və Şirvan şəhərlərinin, Xızı, Masallı, Lənkəran və digər rayonların gənc oftalmoloqları, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları, Azərbaycan Tibb Universitetinin müəllimləri iştirak ediblər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, respublikanın baş oftalmoloqu, professor Elmar Qasımov çıxış edərək bildirib ki, konfransın keçirilməsində məqsəd gənc kadrların peşəkarlığının artırılmasına dəstək verməkdir.

Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan E.Qasımov Azərbaycanda səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıldığını vurğulayıb.

Qeyd olunub ki, ölkəmizə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirilən konfranslarda əsas məqsəd oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Azərbaycanda oftalmologiya sahəsində bir çox yeniliklərin tətbiq olunduğunu bildirən E.Qasımov akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filiallarının ən son texnoloji avadanlıqla təchiz edildiyini, klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olduqlarını, mərkəz tərəfindən pasiyentlərə regionlarda səyyar xidmət göstərildiyini diqqətə çatdırıb.

E.Qasımov bildirib ki, oftalmologiyada konyunktivit, uveit, katarakta, qlaukoma, blefarit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit xəstəlikləri ilə bağlı yüksək səviyyədə irəliləyişlərin əldə edilməsi ilə yanaşı, problemlər olan sahələr də mövcuddur.

O əlavə edib ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin məqsədlərindən biri də regionlarda oftalmologiyanın problemlərini öyrənməklə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına nail olmaqdır.