Milli Oftalmologiya Mərkəzinin Qəbələdə keçirdiyi aksiya çərçivəsində 100 nəfər oftalmoloji müayinə edilib.

Milli Oftalmologiya Mərkəzinin Qəbələdə keçirdiyi aksiya çərçivəsində 100 nəfər oftalmoloji müayinə edilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti tibbi aksiyasını yanvarın 25-26-da Qəbələ şəhərində keçirib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Qəbələ Mərkəzi Rayon Xəstəxanasında keçirilən aksiya zamanı 100 nəfər oftalmoloji müayinə edilib. Onlardan 12-si əməliyyat olunub. Pasiyentlərdə ən çox miopiya, hipermetropiya, astiqmatizm və katarakta aşkarlanıb. Müayinədən keçənlərə mütəxəssislər öz tövsiyələrini veriblər.

Qeyd edək ki, “Görmə 2020” proqramı çərçivəsində keçirilən aksiyanın məqsədi pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarını aşkarlamaq, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, ehtiyac olarsa, cərrahi əməliyyat etməkdən ibarət idi.

Xatırladaq ki, hazırda dünyada 300 milyondan çox insan müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

Bakı, 26 yanvar, AZƏRTAC