Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu – “GOK-2023"

Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu – “GOK-2023"

İlk dəfə 2006-cı ildə keçirilən Gənc Oftalmoloqlar Konfransı (GOK) artıq 17 ildir ki, mütəmadi olaraq təşkil edilir. İllər öncə bu konfranslarda gənc oftalmoloqlar qismində məruzə edən gənclər bugün artıq öz sözünü demiş mütəxəssislər kimi fəaliyyət göstərir, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə iştirak edərək vətənimizi, vətənimizin oftalmologiya elmini və ən əsası hər zaman gənclərə dəstək olub, yol göstərən dəyərli müəllimlərimizi layiqincə təmsil edirlər. Bu gözəl ənənə ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına olan xüsusi diqqətin bariz nümunəsi olaraq yenə də davam etdirilir.

Gənc mütəxəssislər daim Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin diqqət mərkəzindədir. Cəmiyyətin sədri Akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına mütəmadi olaraq dəstək verir, gənc oftalmoloqların dünya standartlarına cavab verə bilən mütəxəssislər kimi formalaşması üçün şəraitin yaradılmasını, gənclərin nəzəri və klinik biliklərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.

24-25 noyabr 2023-cü il tarixlərində Akademik Z. Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu keçirildi. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) Gənc Oftalmoloqlar Komitəsi tərəfindən keçirilən və iki gün davam edən, həmçinin iki böyük tədbiri birləşdirən “GOK-2023” Bakı şəhərində, Akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutdu.

24 noyabr tarixdə konfransın rəsmi açılışı oldu. Açılış zamanı AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Dr. Emin Əlihüseynli komitənin təsis edilməsi, gənclərin komitənin işinə cəlb edilməsi, həmçinin gələcək planlar barədə iştirakçılara məlumat verdi. Sonra AOC Gənc Oftalmoloqlar Komitəsinin sədri t.ü.f.d. Mirana Mirişova açılış nitqi ilə çıxış etdi.

Səhiyyə Gov Az