Lənkəranda gənc oftalmoloqların XI konfransı keçirilib.

Lənkəranda gənc oftalmoloqların XI konfransı keçirilib.

Lənkəran, 24 noyabr, Bağır Əliyev, AZƏRTAC

Noyabrın 24-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən gənc oftalmoloqların XI konfransında “Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Konfransda Naxçıvan Muxtar Respublikasının, Gəncə və Şirvan şəhərlərinin, Xızı, Masallı, Lənkəran və digər rayonların gənc oftalmoloqları, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları, Azərbaycan Tibb Universitetinin müəllimləri iştirak ediblər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, respublikanın baş oftalmoloqu, professor Elmar Qasımov çıxış edərək bildirib ki, konfransın keçirilməsində məqsəd gənc kadrların peşəkarlığının artırılmasına dəstək verməkdir.

Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan E.Qasımov Azərbaycanda səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıldığını vurğulayıb. Qeyd olunub ki, ölkəmizə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirilən konfranslarda əsas məqsəd oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Azərbaycanda oftalmologiya sahəsində bir çox yeniliklərin tətbiq olunduğunu bildirən E.Qasımov akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filiallarının ən son texnoloji avadanlıqla təchiz edildiyini, klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olduqlarını, mərkəz tərəfindən pasiyentlərə regionlarda səyyar xidmət göstərildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, oftalmologiyada konyunktivit, uveit, katarakta, qlaukoma, blefarit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit xəstəlikləri ilə bağlı yüksək səviyyədə irəliləyişlərin əldə edilməsi ilə yanaşı, problemlər olan sahələr də mövcuddur.

Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin məqsədlərindən biri də regionlarda oftalmologiyanın problemlərini öyrənməklə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına nail olmaqdır.

Konfransda çıxış edən tibb elmləri doktoru Hicran Namazova, professorlar Kərəm Kərəmov, Paşa Qəlbinur Musayev və Çingiz Cərullazadə müasir oftalmologiyanın son nailiyyətlərindən, problemlərindən, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bu sahədə qazandığı uğurlardan danışıblar.

Tədbirdə lənkəranlı oftalmoloqların qarşılaşdıqları çətinliklərdən də söz açılıb, fikir mübadiləsi aparılıb.

Sonra 19 gənc oftalmoloqun mövzu ilə bağlı məruzələri dinlənilib.

Konfransda gənc oftalmoloqlara sertifikatlar təqdim olunub.