2020-ci il fevral ayının 15-də Lənkəran şəhərində Azərbaycan Retinoloqlarının V Konfransı keçirildi.
Konfransı giriş sözü ilə akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, t.ü.e.d., prof., AMEA-nın müxbir üzvü Elmar Qasımov açdı. O çıxışında son illərdə Azərbaycanda oftalmologiya sahəsində, o cümlədən vitreoretinal xəstəliklərin diaqnostika və müalicəsində əldə edilən nailiyyətləri qeyd etdi və konfrans iştirakşılarına uğurlar arzuladı. Daha sonra konfransın təşkilat komitəsinin sədri, t.ü.f.d. Müşfiq Kərimov, akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Hicran Namazova və Türkiyənin İzmir Dokuz Eylül Universitetinin Göz Xəstəlikləri kafedrasının professoru Süleyman Kaynak konfrans iştirakçılarına öz təbriklərini bildirdilər.
Konfransın elmi hissəsində vitreoretinal patologiya problemlərinə həsr olunmuş 4 mühazirə (mühazirəçilər: prof. Süleyman Kaynak, t.ü.f.d. Aişəxanım Şahmalıyeva, t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Lalə Axundova) müstəqil tədqiqat işlərinə və maraqlı kliniki hallara həsr olunmuş 23 məruzə dinlənildi. “Postoperativ endoftalmit” mövzusu üzrə təşkil olunmuş dəyirmi stolda aparıcı mütəxəssislər öz təcrübələrini dinləyicilər ilə bölüşdülər. Videosessiya bölməsində vitreoretinal cərrahların öz praktikalarından təqdim etdiyi nümunələr maraqla qarşılandı.
Konfransda Azərbaycanın müxtəlif regionlarından 98 oftalmoloq iştirak etmişdir.