Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb.

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb.

Fevralın 21-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmaz rayonunda fəaliyyətə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək tibbi aksiyanın keçirilməsində məqsəd pasiyentləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir.

Mərkəzin elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdiyeva bildirib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, dövlət başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Bununla yanaşı, 2018-ci ildən Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün ən müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.

Səyyar xidmətdən faydalanan Xaçmaz sakinlər belə bir aksiyanın təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Dəmiryolu Səyyar Klinikasının növbəti dayanacağı Balakən rayonu olacaq.

Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Azərbaycan-Gürcüstan sərhədi ərazisində fəaliyyət göstərəcək.

Xaçmaz, 21 fevral, Elxan Yusifli, AZƏRTAC