Gözün tibbi ekspertizası şöbəsi

Görmə orqanı hərbi qulluqçular üçün mühüm əhəmiyyət kəsb etməsinə görə, hərbi hissələrə qulluğa çağırılanlar və xüsusi hərbi məktəblərə daxil olanlarda görmə orqanının dəqiq yoxlanılması əsas şərtdir.

Bununla əlaqədar olaraq, keçən əsrin 60-cı illərinin ortalarında Az.ETGX İnstitutunda hərbi həkim komissiyası yaradıldı. Bu komissiyaya qəbul şöbəsinin müdiri Səfərova T.A. rəhbərlik edirdi. O zamanlar bu komissiya SSRİ müdafiə nazirliyinin əmri ilə hazırlanmış « SSRİ silahlı qüvvələrinin tibbi yoxlama vəziyyəti» əsasında işləyirdi. Müxtəlif hərbi hissələrdə və hərbi vəzifələrdə qulluğu məhdudlaşdıran və qadağa qoyan fikri çatışmamazlıq və xəstəliklərin siyahısı həmin nazirlik tərəfindən verilmişdi.

Bu komissiyada institutun M.A.Əkbərova, H.Ə.Qulu-zadə, R.Ə.Əliyev kimi aparıcı əməkdaşları işləyirdi.

Azərbaycanın müstəqilliyi əldə olunandan sonra hərbi həkim komissiyası respublikanın müdafiə nazirliyinin əmri ilə hazırlanmış «Azərbaycan silahlı qüvvələrinin tibbi yoxlama qanunu» əsasında işləyir.

Hal-hazırda rayon hərbi komissarlıqlarından göndərilən çağırışçıların Azərbaycan hərbi hissələrində qulluq üçün yararlığı müasir tibbi avadanlıqlarında yoxlanılır ki, bu da daha obyektiv müayinə aparmağa və simulyasiya və aqravasiya hallarını aşkar etməyə imkan verir.

Komissiyanın işində əsas yeri reabilitasiya tutur, belə ki, çağırışçıların bəzilərinin müalicəyə ehtiyacı olur və lazımi müalicədən sonra onlar həqiqi hərbi qulluğa çağırılırlar.

Korlar və zəif görənlərdə daha dəqiq diaqnostika, ekspert qərarının yüksək səviyyəli olması, həmçinin reabilitasiyaya ehtiyacı olanlarda cərrahi və terapevtik müalicələrin aparılmasına imkan yaratmaq üçün keçən əsrin 90-cı illərində institutda ekspert komissiyası yaradıldı. Bu komissiyaya t.e.d. K.T.Kərimov rəhbərlik edirdi. Komissiyanın tərkibində tibb elmləri namizədləri E.Ə.Abdullayeva, A.K.Sadıqov, R.Ə.Quliyev, A.N.Hacıyeva, həkimlərdən X.X.Qasımova, C.X.Səmədova və başqaları çalışırdı. Bu illər ərzində 20 mindən çox tibbi arayış verilmiş və 700-dən çox xəstədə cərrahi müalicə aparılmışdır.

Görmə orqanının patologiyası olan xəstələrin vaxtında Az.ETGX İnstitutuna müraciət etməsi və onların müasir avadanlığın (USM, EKQ, kompyuter tonometriya, perimetriya və s.) istifadəsi ilə yoxlanılması düzgün diaqnoz qoyulmasına və müraciət edən xəstələrin 15%-də reabilitasiya tədbirlərinin aparılmasına imkan verdi.

Son 3-4 ildə komissiyada müayinədən keçən xəstələrin sayının artması, Azərbaycanın bir çox rayonlarında korlar və zəifgörən insanlarda müayinələrin və reabilitasiya tədbirlərinin düzgün aparıldığını göstərir.