“Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans

“Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans

13.03.2023

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilən konfransda qlaukomanın müasir diaqnostik təhlili və müalicəsindən bəhs olunub, oftalmoloji xəstəliklərin aradan qaldırılması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, təşkilati-metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın sözlərinə görə, dünyada qlaukomadan əziyyət çəkənlərin sayı 80 milyon nəfərdən çoxdur. qlaukomanın korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdə olduğunu qeyd edən Y.Abdıyeva göz xəstəliklərinin erkən müayinəsi, diaqnostikası və korluğun qarşısının alınması məqsədilə Milli Oftalmologiya Mərkəzinin mütəmadi olaraq paytaxt və regionlarda oftalmoloji aksiyalar həyata keçirdiyini də diqqətə çatdırıb.

Konfransda regionlardan, mərkəzdən və digər təşkilatlardan olan oftalmoloqlar təqdimatlarla çıxış ediblər. Həmçinin Türkiyədən olan mütəxəssislər onlayn formada məruzələrini təqdim ediblər. Konfransda “Pediatrik afakik qlaukoma”, “Oftalmohipertenziya. Diqqətdən kənar qalan nədir?”, “Qlaukoma üzrə klinik halların təqdimatında interaktiv texnologiyaların tətbiqi”, “Uveal qlaukoma zamanı neyroprotektor terapiyanın tətbiqi”, “Oftalmoloji yardımın III etapında qlaukoma diaqnozu ilə pasiyentlərin klinik xüsusiyyətləri” və s. mövzularında çıxışlar maraqla qarşılanıb.

“Pediatrik afakik qlaukoma” mövzusunda çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin pediatr-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Nigar Həsənova bildirib ki, dünyada hər il 30 min körpə anadangəlmə katarakta ilə doğulur və hazırda dünyada anadangəlmə kataraktası olan 200 min uşaq var. Üçüncü dünya ölkələrində katarakta səbəbindən uşaq korluğunun rastgəlmə tezliyi daha yüksəkdir. Kataraktanın cərrahiyyə əməliyyatından sonra baş verən ikincili qlaukoma ən təhlükəli ağırlaşma hesab olunur. Pediatrik afakik qlaukomanın rastgəlmə tezliyi 15-45 faiz arasında dəyişir. Həmin oftalmoloji xəstəliyi olan uşaqlara diaqnoz qoymaq çətindir, çünki yüksək gözdaxili təzyiqə baxmayaraq, uzun müddət onlarda başqa əlamət müşahidə edilmir. Əlamətlər özünü gec büruzə verdiyindən anadangəlmə qlaukoma əlamətləri müşahidə olunmur. Uşaqlarda lensektomiya təkmilləşdirilmiş texnika və alətlərlə aparılır. Lakin əməliyyatdan sonrakı beş il ərzində 40 faiz hallarda ağırlaşma baş verir. Əməliyyatın vaxtının ikincili qlaukomaya ən çox təsir edən amil olması sübuta yetirilib. Belə ki, əməliyyat uşağın 4-8 həftəsindən sonra aparılanda risk azalır. Erkən müdaxilə zamanı isə qlaukoma riski yüksəkdir və uşaq böyüdükcə proqressivləşən gedişata malik olur. Ümumiyyətlə, pediatrik afakik qlaukoma lensektomiyanın ağırlaşması olaraq dünyada uşaq korluğunun əsas səbəblərindən biridir. Lensektomiyanın körpənin 12-ci həftəsinə qədər təxirə salınması ikincili qlaukoma riskinin xeyli azalmasına gətirib çıxarır.

Təqdimatlardan sonra mövzular ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, dünyanın bir çox ölkəsində qeyd edilən Beynəlxalq Qlaukoma Həftəsi bu il martın 12-dən 18-dək keçirilir. Qlaukoma Həftəsi Dünya Qlaukoma və Dünya Qlaukomalı Xəstələr assosiasiyaları arasında ortaq təşəbbüsdür.