Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti Buynuz qişa transplantasiyası əməliyyatları keçirildi
20.11.2023
7 və 8 noyabr 2023 tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti Buynuz qişa transplantasiyası əməliyyatları keçirildi. 25 buynuz qişa pasientlərə köçürüldü. Onlardan 22 əməliyyat t.ü.f.d.Həsənov Cəmil, digərləri isə t.ü.f.d. Polad Məhərrəmov və dr. Rövşən Rəcəbli tərəfindən həyata keçirilmişdir.
Eyni zamanda Azərbaycan oftalmologiyası tarixində ilk dəfə olaraq Dr Həsənov Cəmil tərəfindən DMEK (Desemet Membran Endotelial Keratoplastikası) əməliyyatı uğurla həyata keçirilmişdir. Bu məqsədlə ilk dəfə ölkəmizə xüsusi olaraq DMEK əməliyyatı üçün nəzərdə tutulan və göz bankında xüsusi olaraq hazırlanan buynuz qişa gətirilmişdir. Həmçinin CHED, Peters anomaliyası kimi ağır sindromlu xəstələrə buynuz qişa köçürülməsi əməliyyatları aparılmışdır. Mərkəzin işçiləri ənənəvi olaraq komanda şəklində fəaliyyət göstərərək çoxsaylı əməliyyatları 2 gün ərzində bitirmişlər. Nəzərə almaq lazımdır ki, orqan transplantasiyası əməliyyatlarını xüsusi və yüksək keyfiyyətli avadanlıqlar olmadan həyata keçirmək mümkün deyil. Mərkəzimizdə ölkədə olmayan yüksək texnoloji avadanlıqlar mövcuddur ki, bu da həm donor toxumanın saxlanması, həm də əməliyyatların aparılmasını təmin edir.
Xüsusi təşəkkür yaradılan şəraitə görə mərkəzin direktoru t.ü.e.d. Professor E.M.Qasımova, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin rəhbərliyi və kollektivinə, həmçinin mərkəzimizin əməliyyatxana işçilərinə düşür. Aparılan əməliyyatlar Zəfər gününə həsr edilmişdir. Bu Azərbaycan oftalmologiyasının növbəti zəfəridir. Hamımızı təbrik edirik!